Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Qarabağ” fransalı cinah hücumçusu Abdullah Zubir ilə yollarını ayırıb.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.
2018-ci ilin yayında “Qarabağ”a keçmiş fransalı yarımmüdafiəçinin istəyi və onun klub qarşısında illərlə göstərdiyi xidmətlər nəzərə alınaraq, müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Qeyd edək ki, Zubir bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək. 34 yaşlı vinger “Əl-Şahaniya” klubuna keçməyə qərar verib. Təcrübəli futbolçu Azərbaycan Premyer Liqasında yeni mövsümə başlamadan ayılmağı lazım bilib və yeni klubu ilə müqaviləni rəsmiləşdirmək üçün Qətərə gedib. “Qarabağ”ın da bu keçiddən qazanc əldə etməsi gözlənilir. Çünki onun klubla davam edən bir illik anlaşması var. Zubir karyerasının sonunda daha yaxşı qazanmaq üçün bu addımı atıb. O, ilə 1,5 milyon avro qazanacağı 2 illik müqavilə bağlayacaq.
Abdullah Zubir Ağdam klubunda keçirdiyi müddətdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir komandanın heyətində 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının əsas mərhələsində iştirak edib. O, UEFA Çempionlar Liqasının və Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərinin, Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.
“Qarabağ” futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


