Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya Kubokunun 2026/2027-ci illər mövsümünün təsnifat mərhələsi çərçivəsində “Resita” ilə qarşılaşıb.
“Petrolul” səfər oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb və növbəti mərhələyə adlayıb. Cəlal bu görüşə start heyətdə başlayıb.
Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu yay “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.


