Toral Bayramov fasilədə əvəzləndi, “Bursaspor” uduzdu

Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Toral Bayramov “Bursaspor”un heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü turu çərçivəsində “Karagümrük”lə qarşılaşıb.

Sözügedən komanda bu rəqiblə səfərdə üz-üzə gəlib. Oyun “Bursaspor”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Toral matça start heyətdə başlayıb və fasilədə – hesab 0:2 olarkən əvəzlənib. O, 17-ci dəqiqədə kobud oyuna görə sarı vərəqə də alıb. Bu, Toralın “Bursaspor”da 3-cü rəsmi oyunu olub.

Yeni mövsümdə ilk məğlubiyyətini almış “Bursaspor” hazırda 6 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: