Cəlal Hüseynov “Rapid”ə qarşı oynamadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının “Rapid”lə matçını buraxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya Super Liqasının 2026/2027-ci illər mövsümünün 6-cı turu çərçivəsində Buxarest “Rapid”i ilə qarşılaşıb.

“Petrolul” doğma meydanda baş tutmuş bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Cəlalın adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

“Petrolul” 6 turdan sonra 9 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Cəlalın komandası 6 oyunda 3 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu yay “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: