“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə çempionatının ilk turunda “Hall Siti”yə məğlubiyyətə aydınlıq gətirib.
Arena.az xəbər verir ki, “qırmızı şeytanalr” bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıblar.
“Hall Siti”nin müdafiəçiləri Semi Ajayi və Nobel Mendinin qolları ilə qalib gəldiyi qarşılaşmadan sonra Maykl Karrik komandasının üzərində işləməli olduğu məqamların olduğunu bildirib:
“Üzərində işləməli olduğumuz çox şey var. İlk qolu buraxanda işlər çətinləşir. Premyer Liqaya yenicə yüksəlmiş komanda ilə oyunda rəqibə bu qədər qol epizodu yaratmağa imkan verməməliyik. Məyusuq, amma bu məğlubiyyət bizi yolumuzdan çıxarmayacaq”.
“Mançester Yunayted”in çalışdırıcısı komandanın çatışmazlıqları düzgün müəyyənləşdirərək qarşıdakı həftə ərzində onların üzərində işləməli olduğunu vurğulayıb:
“İnkişaf edə biləcəyimiz sahələri başa düşməli və bütün həftə ərzində diqqətimizi buna yönəltməliyik. Komanda olaraq inkişaf etməyə davam etməliyik”, – deyə ingiltərəli mütəxəssis əlavə edib.


