“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 2-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə çox pis oynadıq. Səbəblərini araşdıracağıq. İkinci yarıda yaxşı olduğumuzu deyə bilmərəm. Amma birinci hissə ilə müqayisədə normal idik.
Sayılmayan qola gəlincə, qol olduğunu hər kəs gördü. Bircə hakim görmədi”.
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə heç-heçəni belə dəyərləndirib:
“Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir. Çünki bu şəhər futbolla yaşayır. Matçdan əvvəl uşaqlara demişdim ki, yaxşı oyun olacaq. Mübariz komanda ilə qarşılaşdıq. Futbolçularım sona qədər tonusdan düşmədilər. Birinci hissədə bir-iki səhvimiz oldu. Amma ümumilikdə yaxşı oyun keçirdik. Komandamızı, azarkeşlərimizi ilk xal münasibəti ilə təbrik edirəm.
Rəqibin oyununu təhlil etmişdik. Uzun toplar və standart vəziyyətlərdən daha çox oyun qururlar. Düşüncələrimizlə təhlillərmiz üstə düşdü. Düz oynamağın nəticəsində xal qazandıq”.


