Vernidub: “İki qələbədən sonra göylərdə uçmaq olmaz”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 2-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz bu yay təlim-məşq toplanışına daha tez başlamışdıq. Bundan əvvəl “Sumqayıt”la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün “Araz-Naxçıvan”ın yox, “Neftçi”nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik. Çoxlu epizodlarımız oldu, lakin əksəriyyətini dəyərləndirə bilmədik. Emil Balayev də bizi 3 real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm. Hər bir futbolçuya təşəkkür edirəm.

“Dinamo” ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər.

Bizi qarşıda çətin “Zirə” matçı gözləyir. O oyun da maraqlı olacaq. İlk iki qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov isə biabırçı məğlubiyyətə belə aydınlıq gətirib:

“İki fərqli hissə izlədik. Erkən və ardınca buraxdığımız qollardan sonra toparlana bilmədik və səhvlər etdik. Oyunun taleyi birinci hissədə həll olundu. İkinci hissədə biz də fərqlənmək üçün epizodlar yaratdıq, amma istifadə edə bilmədik. Əvəzində rəqib 5-ci qolu vurdu. Komanda hələ tam formalaşmayıb. Görüləcək işlərimiz çoxdur. Amma bütün bunlara baxmayaraq, hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: