“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “Sabah”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox xoşbəxtəm ki, xeyli müddət idi zədəli olan Xəyal Əliyev bu gün sıralarımıza qayıtdı. Bu gün 7-8 dəqiqə oynadı. O, bizim üçün çox önəmli oyunçudur. Meydana daxil olduqdan sonra yaxşı performans göstərdi, qol ötürməsi etdi. UEFA Çempionlar Liqasında oynaması hansı formada olmasından asılı olacaq. Xəyal Azərbaycanın ən istedadlı futbolçularından biridir. Onun peşəkar yanaşması yaxşıdır. Məşqçinin tapşırıqlarını çox yaxşı başa düşür. İrəlidə daha da yaxşı olacaq.
Bizim üçün ən önəmlisi bu oyun idi. Bakıya qayıtdıqdan sonra “Borussiya” ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.
“Qarabağ” – “Neftçi” matçına gəlincə, bu görüşün mənim üçün maraqlı olmadığını desəm, yalan söyləmiş olaram. Amma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. “Qarabağ” – “Neftçi” matçını neytral azarkeş kimi izləyəcəyəm”.
“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Oyuna yaxşı başlamışdıq. Birinci hissədə qol epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik. Birinci hissənin son saniyələrində standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə səhvlərə yol verdik. Son 15 dəqiqədə 3 qol buraxdıq. Bir neçə oyunçumuz bu gün yox idi. Müdafiədə yaxşı oynaya bilmədik.
Son 2 matçda müdafiədə pis oynamışıq, 8 qol buraxmışıq. Amma sırf hansısa mövqeni və ya oyunçunu günahlandırmayacağam. Bu, bütöv komandanın səhvidir. Komanda şəklində bunları düzəltməyə çalışacağıq. Görüləsi işlərimiz çoxdur. Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır ki, həm müdafiədə yaxşı oynasınlar, həm də qol vursunlar”.


