Cəlal Hüseynov “Sepsi”yə qarşı 5 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 12-ci turu çərçivəsində “Sepsi” ilə qarşılaşıb.

“Petrolul” ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Cəlal görüşün 85-ci dəqiqəsində, bütün qollar vurulduqdan sonra meydana buraxılıb.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu ilin yayında “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. O, sözügedən komandanın heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Petrolul” 12 oyuna topladığı 20 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası 12 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 12 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: