Renat Dadaşov zədə aldı, Bakıya qayıtdı

Azərbaycan millisinin mərkəz hücumçusu Renat Dadaşov Ukraynanın “Bukovina” komandasının “Kudrivka” ilə matçını buraxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Ukrayna Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turu çərçivəsində “Kudrivka” ilə qarşılaşıb.

Çernovtsı təmsilçisi səfər oyunundan ağır məğlubiyyətlə ayrılıb – 1:4. Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Buna azərbaycanlı futbolçunun zədə alması səbəb olub. Klubun yaydığı məlumata görə, Dadaşov “Bukovina”nın qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. 27 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 8-ci turunda “Polesye” ilə matçda zədələnib. Görüşdən sonra Dadaşov maqnit-rezonans tomoqrafiyasından (MRT) keçirilib. Müayinənin nəticələrinə əsasən, hücumçunun düz əzələsinin yuxarı üçdəbir hissəsindəki zədənin təkrarlanma əlamətləri aşkarlanıb. Futbolçunun sonrakı müalicəsi konservativ üsulla aparılacaq.

Qeyd edək ki, Renat ilkin zədəsini Azərbaycan millisinin düşərgəsində, UEFA Millətlər Liqasının Litva yığmasına qarşı oyununda almışdı. Klub rəhbərliyi və tibbi heyətlə razılaşdırılmış qərara əsasən, Dadaşov reabilitasiya prosesini Bakıda, Azərbaycan millisinin təlim-məşq bazasında keçirəcək.

Dadaşov bu fürəstdən istifadə edərək bu gün Bakıda keçirilmiş Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Neftçi” oyununa da baş çəkib. O, Tofir Bəhramov adına Respublika stadionunda keçirilmiş matçı tribunadan izləyib.

“Bukovina” 9 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Sözügedən komanda 9 oyunda 1 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov Ukrayna klubuna bu yay azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər “Bukovina”nın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: