“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv bu gün Bakıda Almaniya təmsilçisi “Borussiya”nın (Dortmund) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Dortmund təmsilçisi ilə qarşılaşma “Masazır Arena”da baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək. Matçın baş hakimi gürcüstanlı Georgi Avazaşvili olacaq. Ona yan xətt hakimləri olan həmyerliləri Georgi Qoqoxiya və Qoça Taruaşvili kömək edəcəklər. Azərbaycanlı FIFA referisi Cavid Cəlilov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, “Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əvvəlki iki oyununda məğlub olub. Bakı təmsilçisi “Mançester Yunayted”ə 0:5, “Slaviya”ya (Praqa) isə 0:3 hesabı ilə uduzub.
Almaniya təmsilçisi isə əvvəlki oyunlarından bir qələbə, bir məğlubiyyətlə ayrılıb. Belə ki, “Borussiya” ilk turda evdə İspaniyanın “Vilyarreal” komandasına 2:3 hesabıyla məğlub olub. Norveçin “Bodo Qlimt” komandası ilə səfər oyununda isə dortmundlular 5:0 hesablı qələbəyə seviniblər.


