Dambrauskas: “Borussiya” ilə matçda komandama inanıram”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Borussiya”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər.

Dambrauskas bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Borussiya”nın son iki oyunda qol vura bilməməsi bizim üçün yaxşı xəbər deyil. Onlar sabahkı oyuna daha çox fokuslanacaqlar və qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma mən öz komandama inanıram. “Borussiya” Almaniyanın, dünyanın ən böyük klubrından biridir. Onların çox yaxşı baş məşqçiləri var. Olduqca çətin oyun olacağını gözləyirik. Çempionlar Liqasında hər oyun bizə təcrübə, dərs verir. Sabah da çox şey öyrənəcəyik. “Borussiya” eyni zamanda çox yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda çox böyük çətinliklər dayanır. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm.

Dolu tribunaların qarşısında oynamaq bizim üçün xoşdur. Azarkeşlər əllərindən gələni edirlər, bizə enerjilərini ötürürlər. Qələbə ehtimalı haqda danışmaq istəmirəm. Daha çox mənə komandamın performansı maraqlıdır. Kiçik detallar vacibdir. Əsas odur ki, diqqətli olaq”.

“Sabah”ın futbolçusu Akim Zedadka da mətbuat konfransında fikirlərini bölüşüb:

“Çətin oyun olacağını bilirik. Bütün matçlarda meydana qələbə qazanmaq üçün çıxırıq. Öz meydanımızda gözəl oyun göstərmək istəyirik. Ailələrimizin, azarkeşlərin qarşısında əlimizdən gələnin ən yaxşısını etməliyik. Amma hansı komandaya qarşı oynayacağımızı yaxşı bilirik. Bu, “Borussiya”dır. Ən gözəl oyunumuzu oynamaq və UEFA Çempionlar Liqasından həzz almaq istəyirik”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” qarşılaşmasına saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: