Ozan Can Kökçü 76, Elvin Yunuszadə 1 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Türkiyənin “Vanspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 2026/2027-ci illər mövsümünün 12-ci turu çərçivəsində səfərdə digər azərbaycanlı futbolçu Elvin Yunuszadənin formasını geyindiyi “Boluspor”la qarşılaşıb.

“Vanspor” səfər matçından 3:0 hesablı qələbə ilə ayrılıb. Kökçü bu oyuna start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib. Elvin isə qarşılaşmanın 90-cı dəqiqəsində meydana buraxılıb.

12 turdan sonra 10 xalı olan (komandanın 2 xalı silinib – red.) “Vanspor” 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 12 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

“Boluspor” isə cari mövsümdə keçirdiyi 11 oyundan cəmi 1-də heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Hazırda 1 xalı olan Bolu təmsilçisi 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Elvin bu görüşlərdən üçündə meydana çıxıb.

“Boluspor” Yunuszadənin karyerasında legioner həyatı yaşadığı üçüncü klubdur. Müdafiəçi daha öncə Bosniya və Herseqovinanın “Çelik”, Şimali Makedoniyanın “Şkupi” klublarında da forma geyinib. O, “Netçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” və “Karvan”ın da uğurları üçün çalışıb. Stopper mövqeyində çıxış edən Elvin Yunuszadə Azərbaycan millisinin də formasını geyinib. O, millimizin heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.

Özan Can Kökçü isə “Vanspor”a bu ilin yayında Niderlandın “Volendam” klubundan keçib. O, Türkiyə klubunun heyətində 8 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: