Rəşad Sadıqov: “Rəqabət üçün hücum xəttini gücləndirməliyik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Baxımlı oyun gözləyirdik. İlk saniyələrdən hər iki komanda bir-birinə təzyiq göstərməyə başladı və həmin dəqiqələrdə biz daha yaxşı görünürdük. Ancaq 30-35-ci dəqiqələrdən sonra komandaların oyununda eniş oldu. Rəqibə pressinq etmək üçün çox güc sərf etdik, buna görə də enerjimiz azaldı. Buna baxmayaraq, rəqibə həqiqətən təhlükəli epizodlar yaratmağa imkan vermədik.

İkinci hissəyə passiv başladıq. Artıq bir neçə oyundur ki, fasilədən dərhal sonra qol buraxırıq. Bu barədə danışırıq, amma hələlik problemi həll edə bilmirik. Hesab 2:2 olduqdan sonra komandamız irəli atıldı. Vacib qələbə qazandıq. Klub rəhbərliyini və futbolçularımızı təbrik edirəm”.

Qış transfer pəncərəsində yeni futbolçuların alınması üçün büdcə ayrılıb-ayrılmadığı ilə bağlı suala cavab verən Rəşad Sadıqov hücum xəttini gücləndirmək istədiyini deyib:

“Seleksiya işlərini hələ başa çatdırmamışıq. Heyətimizi sağ cinah vingeri ilə gücləndirə bilmirik. Rəqiblərimizin heyətlərinə, onların hansı səviyyəli futbolçulara sahib olduqlarına baxırıq. Onların geniş heyətləri var. Əgər rəqabət aparmaq istəyiriksə, hücum xəttimizi gücləndirməliyik. İstərdim ki, komandaya mütləq yeni futbolçular qataq”.

“Bu, utancverici məğlubiyyətdir” – Kandido

“Sumqayıt”ın baş məşqçisi Felipe Kandido isə məğlubiyyətdən məyus olduğunu, komandasının daha yaxşı nəticəyə layiq olduğunu bildirib:

“Məncə, bu, utancverici məğlubiyyətdir. Hesab edirəm ki, sonda daha yaxşı nəticəyə layiq idik. Ancaq oyuna uğursuz başladıq. Hücum qurmağa çalışarkən vacib məqamlarda top itkilərinə yol verdik. Rəqibin güclü futbolçuları var və onlar bundan yararlana bildilər.

Bununla belə, hesabda 0:2 geridə olduğumuz vaxt komandamızın nümayiş etdirdiyi xarakter xoşuma gəldi. Fasilədə futbolçulara hələ oyuna qayıda biləcəyimizi dedim. İki qol vurduq, amma təəssüf ki, onlardan yalnız biri qeydə alındı.

Məni ən çox məyus edən odur ki, daha yaxşı nəticə qazana bilərdik, amma sonda məğlub olduq. Əminəm ki, futbolçularım daha artığına qadirdirlər. “Zirə” qələbə qazanmağa köklənmişdi. Müdafiədə bir neçə xırda səhvə yol verdik. İnanıram ki, bu heyət liqanın ən güclü komandaları ilə bərabər səviyyədə mübarizə aparmaq potensialına malikdir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: