“Traktor” “Sanat Naft”ı 3 cavabsız qolla yendi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 9-cu tur çərçivəsində “Sanat Naft”la qarşılaşıb.

İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda 3 cavabsız qola seviniblər. İlk hissə qolsuz bitib. Hesabı 74-cü dəqiqədə Əmirhüseyn Hüseynzadə açıb. 84-cü dəqiqədə Şəhriyar Muğanlu penaltidən dəqiq yararlanıb. Matçda son nötqəni isə 90+4-cü dəqiqədə fərqlənmiş Məsud Kazemayn qoyub – 3:0.

“Traktor” hazırda 20 xalla İran çempionatının 2026/2027-ci illər mövsümünün yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 9 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Rəqib qapılarından 12 top keçirmiş “traktorçular” öz qapılarında cəmi 2 qol görüblər.

Cənubi Azərbaycan nəhəngi növbəti oyununu Asiya Çempionlar Liqası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasına qarşı keçirəcək. Bu oyun oktyabrın 26-da səfərdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: