Quima – Premyer Liqada 15000-ci qolun müəllifi!

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün 9-cu turunun “Sumqayıt”la ev oyunu “Zirə”nin futbolçusu Quima üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, bu gün Azərbaycan çempionatları tarixində yüksək liqada 15000-ci qol vurulub.

Yubiley topu Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turunun ikinci matçına təsadüf edib.

“Zirə” – “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu – “Quima” ləqəbi ilə tanınan Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: