U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov bu turnirdən gözləntilərini paylaşıb.
Arena.az xəbər verir ki, bu gün FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının media nümayəndələri üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl yığmamızın çalışdırıcısı Famil Xəlilov komandanın hazırlığı ilə bağlı bunları söyləyib:
“Hazırlıq prosesi plan üzrə gedir və artıq turnirə son hazırlıq mərhələsindəyik. Əsas məqsədimiz futbolçuları oyunlara tam hazır vəziyyətə gətirməkdir. Turnirin formatı bizim üçün yeni olduğundan rəqiblər barədə məlumatlarımız məhduddur. Buna görə də mövcud məlumatları təhlil edir və öz oyun planımız üzərində işləyirik.
Turnirdə əsas hədəfimiz Azərbaycanı layiqincə təmsil etmək, hər oyunda maksimum mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni göstərməkdir. Eyni zamanda, bu turnirin futbolçularımızın inkişafına töhfə verəcəyinə inanırıq. Oyunların Bakıda keçirilməsi də bizim üçün əlavə motivasiyadır.
İnanıram ki, komandamız üzərinə düşən məsuliyyəti dərk edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə hazırdır”.
Xatırladaq ki, Azərbaycanın U-16 milli komandası bu turnirdə ilk oyununu oktyabrın 24-də Şərqi Timor yığmasına qarşı keçirəcək. “Crystal Hall”da keçiriləcək oyuna saat 19:30-da start veriləcək.


