Kristiano Ronaldo karyerasının 982-ci qolunu vurdu – Video

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo karyerasında vurduğu qolların sayını 982-yə çatdırıb.

Arena.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Faysal” ilə səfər oyununda fərqlənib. Qarşılaşma “Əl-Nəsr”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Abdullah Əl-Həmdan 4-cü, Ronaldo 49-cu, Qabriel Anjelo isə 79-cu dəqiqədə qol vurub. Meydan sahiblərinin yeganə qoluna isə Teo Bonqonda 66-cı dəqiqədə imza atıb.

Ronaldo 52-ci dəqiqədə də rəqib qapısına yol tapsa da, hakimlərin video köməkçilərinin müdaxiləsindən sonra oyundankənar vəziyyət qeydə alınıb və qol ləğv edilib.

Bununla belə, portuqaliyalı hücumçunun 49-cu dəqiqədə vurduğu qol onun karyerasındakı qolların sayını 982-yə yüksəldib. Qeyd edək ki, bəzi mənbələrdə həmin qol rəqib futbolçunun avtoqolu kimi göstərilir. Buna görə də qolun Ronaldonun şəxsi statistikasına daxil edilməsi ilə bağlı fərqli qeydlərə rast gəlmək mümkündür.

Qarşılaşmanın sonunda Kristiano Ronaldo matçın ən yaxşı oyunçusu seçilib. Lakin o, fərdi mükafatını komanda yoldaşı Abdullah Əl-Həmdana verib. Portuqaliyalı ulduz bununla komandasının ilk qolunu vuran hücumçuya jest edib.

Bu qələbədən sonra “Əl-Nəsr” xallarını 25-ə çatdıraraq turnir cədvəlinin lideri “Əl-Qadisiyyə”yə çatıb. Növbəti turda Ronaldo və komanda yoldaşları oktyabrın 29-da “Əl-Xulud”u qəbul edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: