Lionel Messi Asturiya Şahzadəsi mükafatına layiq görüldü

ABŞ klubu “İnter Mayami”nin argentinalı ulduz futbolçusu Lionel Messi idman sahəsində Asturiya Şahzadəsi mükafatının laureatı olub.

Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu bu nüfuzlu beynəlxalq mükafata yüksək idman nailiyyətlərinə və genişmiqyaslı xeyriyyə fəaliyyətinə görə layiq görülüb.

Mükafatlandırma mərasimi oktyabrın 23-də İspaniyanın Ovyedo şəhərindəki “Kampoamor” teatrında keçirilib. Tədbirdə Messini həyat yoldaşı Antonella Rokusso müşayiət edib.

Mərasimdən əvvəl argentinalı futbolçu İspaniya taxt-tacının varisi, Asturiya şahzadəsi Leonorla “Reconquista” hotelində görüşüb. Şahzadə Leonor Messiyə mükafatın fəxri nişanını şəxsən təqdim edib.

Qeyd edək ki, Lionel Messi futbol tarixində səkkiz dəfə “Qızıl top” mükafatını qazanan yeganə oyunçudur. Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olan hücumçu, həmçinin 2014-cü ildə dünya çempionatının gümüş medalını qazanıb.

Messi İspaniya La Liqasının, “Barselona” klubunun və Argentina millisinin tarixində ən çox qol vuran futbolçu kimi də rekordlara sahibdir. O, 2023-cü ildən “İnter Mayami” komandasında çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: