“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “Sabah Arena”da baş tutmuş görüşdə qapılara qol vurulmayıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Keyfiyyətli komandaya qarşı oynayırdıq. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni etdi. Uzun müddət hücumda olduq. İki komandanın da müdafiə xətti bu gün yaxşı çıxış etdi. Birinci hissədə biz hücum edərkən rəqibi qapısına sıxışdırmışdıq. Birinci hissədə daha çox rəqibin müdafiə xəttinin arxasına verilən ötürmələr var idi, ikinci hissədə də çox idi. 0:0 hesabını ədalətli nəticə saymaq olar. Düzdür, bu gün qollar olmadı. Amma atmosfer, hər iki komandanın azarkeşləri möhtəşəm ab-hava yaratmışdı. Hansısa Avropa ölkəsinin liqa oyunundan fərq yox idi. Təəssüf ki, azarkeşlərə qollar hədiyyə edə bilmədik.
Çalışırıq ki, hər rəqibə fərqli yanaşaq. Bu oyun bitdi, bundan sonra “Turan Tovuz”la matçı düşünəcəyik. Futbolçularım möhtəşəmdir, vaxtımız azdır, onlara detallar verməliyik. Bəzən cəmi bir məşqimiz olur. Pressinqi, hücumları, standart vəziyyətləri işləməliyik. Bəzən bir məşqdə bunları çatdırmaq çətindir. Futbolçularıma təşəkkür edirəm, xırda detalları çox tez icra edirlər”.
Baş məşqçi müdafiəçi Rəhman Daşdəmirovun son oyunlarda şans qazanmamasına da aydınlıq gətirib:
“Rəhmanın bu ana qədər etdikləri çox önəmlidir, möhtəşəm işlər gördü. Bu mövsüm 50-dən çox oyunumuz olacaq. Bəzi mövqelərdə rotasiya etməliyik. Rəhman bizim üçün çox önəmli oyunçudur. Gələcəkdə də onu heyətdə görə bilərik”.
Dambrauskas bundan sonra ev oyunlarını keçirəcəkləri “Sabah Arena”nı (əvvəlki “Dalğa Arena”) da qiymətləndirib:
“Şübhəsiz ki, bu arenamız daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam. Amma burada olan şərait, ot örtüyü ən yaxşılarından biridir. Bu gün bizim üçün məsafə çox önəmlidir. Əvvəllər Masazıra getmək üçün 1 saat 30 dəqiqə vaxt sərf edirdik. Avtobusda gedərkən uşaqlarda ürəkbulanması da olurdu. Ancaq indi bura gəlmək üçün 15 dəqiqə vaxt sərf edirik. Buradakı şərait daha yaxşıdır”.
“İdman formamızı daha da yaxşılaşdırmalıyıq” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə heç-heçəyə belə şərh verib:
“Maraqlı oyun alındı, yaxşı mübarizə, dinamika var idi. Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Çempionlar Liqasında çıxış edəndən sonra daha sərbəst oynayan rəqibimiz var idi. Texniki səhvlərimiz çox olsa da, oyunçular mübarizədən qopmadılar. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu. Daha yaxşı formada olmalıyıq, idman formamızı daha da yaxşılaşdırmalıyıq. Çoxdan idi ki, bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.


