Azərbaycan milli komandası Bakıda təşkil edilmiş futbol üzrə U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra yığması ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 20-ci dəqiqədə Həsən Məhmədov vurub
Yığmamız bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.
Xatırladaq ki, U-15 millimiz dünya çempionatında keçirdiyi ilk matçda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Millimiz oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.


