“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Şəfa”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Gəncə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Azər Məmmədov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Matçdan əvvəl heyətlə bağlı itkilərimiz var idi. İlk hissədə daha yaxşı oynadıq və qol vurmağa layiq idik. Rəqib təzyiq göstərdi və hesabı açdı. Bundan sonra oyun modelimizdə müəyyən dəyişikliklər etdik. Fikrimcə, qələbəyə layiq idik.
Yaxşı nəticələr seriyası yaxalamışıq. Amma daha çox çalışmalıyıq. Çatışmazlıqlarımız kifayət qədərdir, hərçənd yavaş-yavaş öz oyunumuzu tapırıq. İnkişaf var. Daha yaxşısını edə bilərik.
Qış fasiləsinə qədər belə davam etsək, bu, bizim üçün uğurlu olacaq. “Kəpəz” hələ yüksək yerlər uğrunda mübarizəyə hazır deyil. Yaxşı sponsorumuz olsa, iddialı komandaya çevrilə bilərik”.
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov isə komandasının növbəti məğlubiyyətinə belə aydınlıq gətirib:
“Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh edəsi olacağam. Oyuna yaxşı başlamadıq. Amma ikinci hissədə tam üstünlüyü ələ aldıq, qol vurduq. Uğursuz penaltidən sonra rəqib hesabı bərabərləşdirdi, sonda da qələbə qazandılar. Futbolçular çox gərgindirlər. Bunu üzərimizdən ata bilmirik. Amma ümumi baxsaq, oyun üslubumuz, oyun sxemimiz yeni yığılan komanda üçün yaxşıdır. Bunu şanssızlıqla əlaqələndirim, ya təcrübəsizliklə, bilmirəm. Amma düşdüyümüz durum bizi kədərləndirir, ağır vəziyyətdir”.


