Jorjinyo dopinq-testindən keçə bilmədi

Braziliyanın “Flamenqo” klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyo dopinq-testinin müsbət nəticələnməsi ilə gündəmə gəlib.

Arena.az xəbər verir ki, bu barədə jurnalist Tyaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçudan dopinq nümunəsi Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra götürülüb. Oktyabrın 23-nə keçən gecə keçirilən qarşılaşmada “Flamenqo” Argentina təmsilçisi “Estudiantes”lə hər iki oyunda 0:0 hesablı heç-heçə edib. Penaltilər seriyasında isə Braziliya klubu məğlub olub. Jorjinyo da 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Məlumata əsasən, oktyabrın 27-də futbolçunun B nümunəsi açılaraq yoxlanılacaq. Qadağan olunmuş maddələrin mövcudluğu təsdiqlənərsə, 34 yaşlı yarımmüdafiəçini 6 aydan 2 ilədək futboldan kənarlaşdırılma cəzası gözləyə bilər.

Qeyd edək ki, Jorjinyo 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionu olub. O, ötən ildən “Flamenqo”da çıxış edir. Daha əvvəl “Arsenal”, “Çelsi”, “Napoli” və “Verona” klublarının formasını geyinib.

İtaliyalı futbolçu “Çelsi” ilə UEFA Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb. “Napoli”nin heyətində isə o, İtaliya Kubokunun və ölkə Super Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: