Vernidub da, Berdıyev də xal itirdiklərini açıqladı

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Yuri Vernidub oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mənə xal qazandığımızı və ya itirdiyimizi demək çətindir. Birinci 20 dəqiqə oyun istədiyimiz kimi getmədi. Demək olar ki, ilk 20 dəqiqə ərzində “Turan Tovuz” daha kəskin oynayırdı. Sonradan müdafiəçimizin səhvi ucbatından azlıqda qaldıq. Azlıqda qaldıqdan sonra daha yaxşı oynamağa başladıq. Biz bir qol da vurduq və fasiləyə üstünlüklə yollandıq. Mən onda da bilirdim ki, bizim üçün çətin olacaq. Bu cür komandaya qarşı azlıqda oynamaq çətin olur. Ona görə də 5 müdafiəçi ilə oynamağa başladıq, üç nəfər mərkəzdə, bir nəfər də hücumda. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Buraxılan qola qədər rəqibin epizodu olmamışdı. Ondan sonra qol buraxdıq, rəqibin də yenə qol imkanı oldu. Emil Balayevə təşəkkür edirəm ki, bizi təhlükədən xilas etdi.

Bütün faktları nəzərə alsaq, əsas odur ki, bu gün uduzmadıq. Sabah “Sabah” – “Qarabağ” oyunu olacaq. Şəxsi fikrim odur ki, biz bu gün 2 xal itirdik. Siz məni buna görə tənqid edə bilərsiniz, amma mən həmişə istəyirəm ki, bütün matçları qazanaq. İşləməyə davam edəcəyik.

Mən hər zaman qalib gəlmək istəyirəm. “Qarabağ”ı 3:1 udurduq, sonda 3:3 oldu. “Sabah”la görüşdə də qələbə qazana bilərdik. Bu gün də belə… Əsas odur ki, bu görüşlərdə artıq uduzmuruq. Onlarla bərabər səviyyədə gedirik”.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə oyundan sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Paltardəyişmə otağında futbolçularıma təşəkkür etdim. Cəhdlərinə görə bunu etdim. Rəqib azlıqda qalana qədər də üstün tərəf idik. Çoxlu epizodlar əldə etdik, amma reallaşdıra bilmədik. Üzücü məqam odur ki, qələbə qazana bilmədik. Bu gün xal itirdik. Braxdığımız qolda tək qapıçının yox, bütün komandanın səhvi var idi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: