Bu gün Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında təşkil edilmiş güləş üzrə dünya çempionatına (DÇ-2026) start verilib.
Arena.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 60, 77 və 82 kq-da finalçılar müəyyənləşib.
Azərbaycan güləşçilərindən Eldəniz Əzizli (55 kq) mübarizəyə 1/8 finaldan qoşulub. 4 qat dünya çempionumuz monqolustanlı Davaabandi Munx Erdeneylə (9:0) belaruslu Aleksandr Qurevə (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Pəhləvanımız ötən il dünya çempionu olmuş Vaxtanq Loluayla görüşdə də təcrübəsini işə salıb. Gürcüstan təmsilçisini 5:1 hesabıyla üstələyən Eldəniz 5-ci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Əzizli sabah həlledici görüşdə iranlı Payam Balutaki ilə güləşəcək.
Murad Məmmədov (60 kq) təsnifat mərhələsində türkiyəli Enes Başardan güclü olub – 6:3. Ardınca misirli Mahmud Saada tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə isə qazaxıstanlı dünya çempionu Aydos Sultanqaliyə 1:4 hesabıyla məğlub olub.
Sənan Süleymanov (77 kq) üç illik fasilədən sonra dünya çempionatında uğurlu dönüşə imza atıb. Görüşlərdə təmkinli və soyuqqanlı güləşən pəhləvanımız xalçanı idarə edərək ilk iki görüşündə yaponiyalı İsami Horikita (8:0) və Çin Taypeyi təmsilçisi Lai Yaonu (9:0) vaxtından əvvəl məyus edib. Özbəkistanlı Doniyorxon Nakibovu 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Sənan finala gedən yolda iranlı Ali Oskuyu 2:0 hesabıyla üstələyərək 3-cü dəfə mundialın finalına adlayıb. Süleymanov sabah həlledici görüşdə moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək.
Qurban Qurbanov (82 kq) startda serbiyalı dünya çempionu Viktor Nemeşi çətinlik çəkmədən (8:0) mübarizədən kənarlaşdırıb. 1/4 finalda qırğızıstanlı ikiqat olimpiya mükafatçısı və ikiqat dünya çempionu Akjol Mahmudovla görüş dramatik alınıb. Son 30 saniyədə təşəbbüsü əldən verən Qurbanov 6:7 hesabıyla məğlub olub.
Qeyd edək ki, noyabrın 1-nə qədər davam edəcək güləş üzrə dünya çempionatında Azərbaycanı 23 pəhləvan təmsil edəcək.


