Vüsal İsgəndərli oynadı, “Malişeva” liderliyini qorudu

Futbol üzrə Azərbaycan milli komandasının cinah hücumçusu Vüsal İsgəndərli Kosovo klubu “Malişeva”nın heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun komandası Kosovo çempionatının 2026/2027-ci illər mövsümünün 11-ci turu çərçivəsində “Dreniça” ilə üz-üzə gəlib.

“Malişeva” bu rəqiblə səfərdə baş tutmuş oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Vüsal bu görüşün start heyətində yer alıb və komandasının qələbəsində pay sahiblərindən biri olub.

“Malişeva” bu nəticədən sonra 26 xalla yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İsgəndərlinin komandası 11 oyuna 8 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Malişeva”ya bu yay qoşulub. O, Kosovo klubunun heyətində 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Millimizin futbolçusu daha öncə Albaniyanın “Partizani”, “Eqnatiya”, “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: