Toral Bayramov 7 dəqiqə oynadı, “Bursaspor” zirvəyə yüksəldi

Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Toral Bayramov “Bursaspor”un heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 12-ci turu çərçivəsində “Keçiörengücü” ilə qarşılaşıb.

Sözügedən komanda bu rəqiblə səfərdə üz-üzə gəlib və inamlı qələbəyə sevinib – 4:2. Toral görüşün 83-cü dəqiqəsində meydana buraxılıb.

“Bursaspor” hazırda 28 xalla yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Toralın komandası cari mövsümdə keçirdiyi 12 oyunda 9 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 46 oyunda 5 qola imza atıb, 6 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: