U-15 dünya çempionatı başa çatdı: İspaniya qalib oldu

Bakıda təşkil edilmiş və tarixdə ilk dəfə keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, turnirin A Divizionunun finalında İspaniya millisi Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edərək çempion olub.

Həlledici qarşılaşma Bakı Kristal Zalında keçirilib. Oyunu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Turnirin son günündə digər divizionların da qalibləri müəyyənləşib:

A Divizionu: Çexiya – İspaniya 0:3
B Divizionu: Portuqaliya – Zambiya 2:5 (33-cü yer uğrunda)
C Divizionu: Tunis – Belarus 0:3 (65-ci yer uğrunda)
D Divizionu: Kanada – Tacikistan 2:4 (97-ci yer uğrunda)
E Divizionu: Mərkəzi Afrika Respublikası – Banqladeş 4:1 (129-cu yer uğrunda)
F Divizionu: Yeni Zelandiya – Efiopiya 2:1 (161-ci yer uğrunda)

Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.

Çempionatın başa çatması münasibətilə Bakı Kristal Zalında möhtəşəm bağlanış mərasimi təşkil olunub. Hər biri Azərbaycanın milli mədəniyyətini və idman ruhunu əks etdirən şou proqramı 8 səhnədən ibarət olub.

Tədbirdə uşağın 11 metrlik penalti zərbəsi ilə impuls yaratması, balet artistlərinin Xəzər dənizini canlandırması, Toğrul Nərimanbəyovun əsərinin rəqs vasitəsilə təqdim edilməsi və atlı fiqurun çıxışı nümayiş olunub.

Bundan başqa, nağaraçıların Şəki Xan Sarayının naxışları ətrafında hazırladığı kompozisiya, “Sarı Gəlin” musiqisinin müşayiəti ilə milli rəqs və Azər Nəsibovun 189 nəfərlik xorla çıxışı mərasimə xüsusi rəng qatıb. Tədbir iştirakçıların meydanı tərk etməsi və çempionatın loqosunun nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, oktyabrın 24-də start götürmüş FIFA U-15 dünya çempionatı və festivalında dünyanın 189 ölkəsindən FİFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın oyun keçirilib. Turnirin oyunları Hövsan Yarış Kompleksində təşkil olunub. Açılış və final qarşılaşmaları isə Bakı Kristal Zalında baş tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: