Azərbaycan millisinin üzvü Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil edilmiş yarışın ikinci günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov ilk mərhələdən azad olub. O, ilk görüşündə rumıniyalı Luçian Bors Demetreskunu, 1/8 finalda belçikalı Əbdül-Malik Umayevi, 1/4 finalda isə kosovolu Akil Qyakovu məğlub edərək yarımfinala yüksəlib.
Finala gedən yolda tacikistanlı Məsudi Əhmədzodoya uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə britaniyalı İrakli Qoqinaşvilini üstələyərək fəxri kürsüyə qalxıb.
Eyni çəkidə yer alan digər təmsilçimiz Kamran Süleymanov ilk mərhələdən azad olsa da, debüt görüşündə özbəkistanlı Zamoxşari Bekmurodova məğlub olaraq mübarizəni dayandırıb.
70 kq çəki dərəcəsində çıxış edən Sədaqət Ağayeva isə ilk görüşündə ABŞ təmsilçisi Nensi Nquyeni məğlub etsə də, 1/8 finalda portuqaliyalı Taisa Pinaya uduzaraq turnirlə vidalaşıb.
Beləliklə, Azərbaycan millisinin aktivində hazırda 2 qızıl və 2 bürünc medal var. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal qazanıb.


