“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Turan Tovuz”u təbrik edirəm. Fikrimcə, onlar bizdən daha yaxşı çıxış etdilər, qələbəyə layiq idilər. Çox gözəl atmosfer var idi. Rəqib komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Etiraf edirəm ki, bu məğlubiyyətdə mənim taktiki səhvlərim oldu. Məsuliyyət mənim üzərimdədir.
Biz artıq 6 oyundur ki, sıx şəkildə çıxış edirik. Bəzən bizim bir taktiki məşqimiz olur. Bərpa olunmağımız üçün çox az vaxtımız olur. Amma bu, bizim istəyimiz idi, buna çalışırdıq. Qarşıda uzun səfərimiz olacaq. Çalışacağıq ki, UEFA Çempionlar Liqasında “Vikinq”lə matçda ən yaxşı formamızda olaq.
Umarali Rahmonaliyev hazır idi, sadəcə, onu tonusda saxlamaq üçün ehtiyatda saxladıq. Velko Simiçin isə zədəsi var idi.
Hər oyun çətindir. “Vikinq” 14 oyundur məğlub olmursa, bu, o demək deyil ki, biz ora getməyək. Çalışacağıq ki, ən yaxşı nəticə ilə qayıdaq”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə matçı belə şərh edib:
“Çox maraqlı, ağır oyun oldu. Axıra yaxın təşəbbüsü əldən verdik. Qələbəyə görə çox şadam. Çempiona qarşı oyuna yaxşı köklənmişdik. Uşaqlar özlərini sübut etmək istəyirdilər. Digər tərəfdən də, son 10 dəqiqəni çıxmaq şərtilə nizam-intizamlı çıxış etdilər.
Voleybolda “Turan”ın oyunlarını izləyirəm. Onlara görə həyəcan keçirirdim. Allah eləsin ki, qarşıdakı görüşlərdə də qələbə qazansınlar. Bəli, iki gündür Tovuzda bayramdır, tovuzlu azarkeşlərə görə sevincliyəm”.


