Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının 12-ci turunda “Valensiya” üzərində 3:0 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra “Valensiya”nın baş məşqçisi Xavyer Aqirre ilə arasında baş verən söhbətdən danışıb.
Joze Mourinyo iki komandanın heyətləri arasında ciddi səviyyə fərqi olduğunu vurğulayıb:
“Ona dedim ki, kədərlənməsin, çünki mənim futbolçularım daha yaxşıdırlar. Bu, həqiqətdir və o da bunu bilir. Xavyer böyük təcrübəyə malik əla məşqçidir. Lakin iki heyət arasındakı fərq göz qabağındadır.
Mənim komandamda belə futbolçular olduqda qələbəyə daha yaxın olursan”, – deyə portuqal məşqçi qeyd edib.
Xatırladaq ki, “Real” bu qələbə sayəsində 3 xal qazanaraq lider “Barselona” ilə xallarını bərabərləşdirib. Lakin Kataloniya təmsilçisi 12-ci turda “Atletiko” ilə oyunda qələbə qazansa, fərq yenə artacaq.


