Lionel Messi “İnter Mayami” ilə xüsusi oyunda meydana çıxacaq

Argentinalı hücumçu Lionel Messi formasını geyindiyi “İnter Mayami” ilə 2027-ci ilin əvvəlində xüsusi yoldaşlıq oyununda iştirak edəcək.

Arena.az xəbər verir ki, ABŞ klubunun rəqibi Argentina təmsilçisi “River Pleyt” olacaq.

Bu barədə Buenos-Ayres klubunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. Qarşılaşma 19 yanvar 2027-ci ildə “River Pleyt”in ev oyunlarını keçirdiyi əfsanəvi “Mas Monumental” stadionunda təşkil olunacaq.

“İnter Mayami”nin Argentinaya səfəri Florida klubunun qış mövsümarası hazırlıq dönəminin əsas hadisələrindən biri olacaq. Bu oyun yerli azarkeşlərə Argentina millisinin kapitanı Lionel Messini Cənubi Amerika futbolunun nəhənglərindən biri ilə qarşılaşmada canlı izləmək imkanı verəcək.

Lionel Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Argentinalı hücumçunun ABŞ klubundakı rəsmi debütü həmin il iyulun 21-də Liqa Kubokunda Meksikanın “Kruz Asul” komandasına qarşı oyunda baş tutub.

39 yaşlı futbolçunun “İnter Mayami” ilə hazırkı müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.

Messi ABŞ klubunda çıxış etdiyi müddətdə “İnter Mayami”nin üç böyük titul qazanmasına kömək edib. O, komandanın heyətində MLS-in müntəzəm çempionatını, MLS Kubokunu və Liqa Kubokunu bir dəfə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: