Dünya futbolunun ən titullu məşqçilərindən olan Xosep Qvardiola gələcəkdə “Barselona”nın baş məşqçisi vəzifəsinə qayıtmayacağını açıqlayıb.
Arena.az xəbər verir ki, kataloniyalı mütəxəssis bu barədə Almaniya Bundesliqasının rəsmi jurnalına müsahibəsində danışıb.
Qvardiola “Bayern”ə qayıtmaq ehtimalı ilə bağlı sualı tamamilə istisna etməsə də, “Barselona” ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub:
“Əvvəlki kluba qayıtmaq lazımdır? Mən, məsələn, “Barselona”ya qayıtmayacağam”.
53 yaşlı məşqçi 2008–2012-ci illərdə “Barselona”nı çalışdırıb. Onun rəhbərliyi altında Kataloniya klubu iki dəfə UEFA Çempionlar Liqasını (2009, 2011), üç dəfə La Liqanı və digər çoxsaylı titulları qazanıb. Qvardiolanın komandası nümayiş etdirdiyi “tiki-taka” üslubu ilə futbol tarixində iz qoyub.
Mütəxəssis hazırda işsizdir. O, ötən yay “Mançester Siti”dəki 10 illik fəaliyyətini başa vuraraq məşqçiliyə fasilə vermək qərarına gəlib. İngiltərə klubunda Qvardiola 6 dəfə Premyer Liqa çempionu olub və 2023-cü ildə klub tarixində ilk Çempionlar Liqası kubokunu qazanıb.
Xosep Qvardiola növbəti dəfə məşqçiliyə nə vaxt qayıdacağını bilmədiyini də bildirib: “Sonuncu dəfə enerji toplamaq üçün mənə bir il lazım oldu. Bu dəfə isə nə qədər vaxt lazım olacağını bilmirəm. Özümə konkret tarix qoymamışam”.
Qeyd edək ki, onun adı İtaliya, Niderland və ABŞ milli komandaları ilə hallansa da, ispan mütəxəssis hazırda heç bir təklifi qəbul etməyib.


