2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb. Arena.az xəbər verir ki, sözügedən klub əvvəllər də bu komandanın şərəfini qorumuş Yusif Nəbiyevi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Cinah oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu köhnə-yeni komandasında “74” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında “Sumqayıt”da çıxış edib. Ümumilikdə 39 oyuna 4 qol vuran Nəbiyev “Qəbələ” (31 oyun, 2 qol) və “Zirə”nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.
“Sumqayıt” daha öncə Mehdi Cənnətov, Mehdi Şərifi, Cavid İmamverdiyev və Cabir Əmirli ilə yollarını ayırıb. Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev və Aydın Bayramovla isə yeni müqavilə imzalanıb.


