Sxadadze: “Penalti vuran komanda qalib gəlməlidir”

Gürcüstanın “Dinamo” (Tiflis) komandasının baş məşqçisi Kaxaber Sxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Birinci qarşılaşmaya baxanda, hər iki komanda bu gün daha yaxşı oyun göstərdi. Çox gərgin matç oldu. Səhvlərimizin nəticəsində uduzduq. Xüsusilə də “Neftçi”nin vurduğu dörd qoldan üçünü biz özümüz buraxdıq. Heç bir komandaya bu qədər ciddi səhvlər buraxmaq olmaz. Penalti vuran komanda qalib gəlməlidir. “Neftçi” hər iki görüşdə bunu etdi və qələbə qazandı”.

Sxadadze “Neftçi”nin növbəti mərhələdə Yunanıstan “Olimpiakos”u ilə oyunlardakı şansları barədə danışmaq istəməyib: “Neftçi”nin gələcəyi barədə heç nə deyə bilmərəm. Bu komandanı, onun prezidentini çox gözəl tanıyıram. Yaxşı münasibətlərimiz var”.

Gürcü mütəxəssis vaxtı ilə futbolçusu olmuş Samir Abasova məğlub olmasına da münasibət bildirib: “Futbol komanda oyunudur, boks deyil. Biz Samirlə dalaşmamışıq. Sadəcə, futbol oynamışıq. Bu gün “Dinamo” “Neftçi”yə uduzdu. Xahiş edirəm, ciddi suallar verin”.

Xəbəri sosial şəbəkələrdə paylaş: