Toni Koskela: “Qələbə də qazana bilərdik”

Finlandiyanın HJK klubunun baş məşqçisi Toni Koskela Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan və 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyun gözlədiyimiz kimi keçdi. Rəqibin çox yaxşı orta sahə oyunçuları var. Yusuf Laval bu gün bizə bəzi problemlər yaratdı. Üç gün əvvəl oyunumuz var idi. Bu səbəbdən həm fiziki, həm də taktiki hazırlıq baxımından çətinliklə üzləşdik. Amma yenə də gözlədiyimiz kimi alındı.

Təbii ki, cavab oyununda hər iki komandada bəzi dəyişikliklər olacaq. Ümumi baxanda “Neftçi” bu gün bizə qarşı əvvəlki görüşlərdəki kimi oynadı. Amma yenə də sürpriz ola bilər. Ümid edirdim ki, cavab matçında qol buraxmayacağıq.

Fikrimcə, 25-30 dəqiqə ərzində çox yaxşı oynadıq, topla uğurlu rəftar edirdik. Ondan sonra hər iki komandada yorğunluq özünü büruzə verdi. Qol oyunun gedişatını bir qədər dəyişdi. Şadam ki, komandamız dönüş edə bildi. İlk hissədə daha yaxşı oynadıq, fasilədən sonra hücum edə bilmədik. Bunun da səbəbi var. Yorğun idik. Düzdür, bizdə çempionatın hazırda davam etməsi bir tərəfdən üstünlükdür, amma digər tərəfdən bunun əksi də var. “Neftçi”nin 5-6 həftəlik hazırlıq dönəmi oldu. Amma bizim belə imkanımız yox idi. Bir tərəfdən rəsmi oyuna çıxmaq yaxşıdır. Sadəcə, həftəsonu meydana çıxdığımızı nəzərə alsaq, bunu üstünlük saymıram.

Bura uğurlu nəticə qazanmaq üçün gəlmişdik. 2:2 hesabı da qənaətbəxş nəticədir. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Bu, bizim üçün üstünlükdür. Düzdür, qələbə də qazana bilərdik və bura fərqli ab-havada gələ bilərdim. Rəqibin vurduğu qollar çox gözəl idi. Buraxdığımız qollar və sərgilədiyimiz oyun matçın mənzərəsi idi. Hazırda Finlandiyada hava durumu 16-18 dərəcədir. Burada isə oynamaq çox çətin idi. Finlandiyaya daha komfortlu gedəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: