Azərbaycanlı futbolçu Emil Mustafayev Ukraynanın “Aleksandriya” klubunun əsas komandasında qol hesabını açıb. Arena.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Ukrayna kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Metallist 1925” ilə matçda fərqlənib.
Komandasının start heyətində meydana çıxan və sonadək oynayan futbolçu 5:2 hesabı ilə qalib gəldikləri oyunun 24-cü dəqiqəsində hesabı açıb. Azərbaycanlı futbolçu 29-cu dəqiqədə özünün və komandasının ikinci qolunu vurmaqla dublunu da rəsmiləşdirib.
Gənc oyunçu matçdan sonra yerli mətbuata açıqlama da verib: “Emosiyalarını sözlə ifadə etməkdə çətinlik çəkirəm. Hazırda bunu təsvir etmək çox çətindir. Bunlar əsas komandada ilk qollarımdır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
“Aleksandriya”nın ukraynalı baş məşqçisi Yuri Qura da matçdan sonra azərbaycanlı futbolçunun çıxışı haqda müsbət fikirlər səsləndirib:
“Heyətdə dəyişiklik etdik. Mustafayev qolları ilə məni sevindirdi. Tək o deyil, bütün komandam məni sevindirdi. Çünki əldə etdiyimiz nəticə xoşdur”.
Emil Mustafayev 2018-ci ildən “Aleksandriya”da çıxış edir. O, daha çox əvəzedici komandada forma geyinir. Azərbaycanlı futbolçu bu klubun əsas komandasında ötən mövsümün sonuncu turu çərçivəsində baş tutan “Zarya” ilə oyunda debüt edib. Bu mövsüm isə o, “Çernomorets” və “Desna” ilə çempionat oyunlarında sonradan meydana çıxmaq şansı qazanmışdı. Yarımmüdafiəçi Odessada 11, “Desna” ilə görüşdə isə 16 dəqiqə meydanda olmuşdu. 2:2 hesabıyla bitən “Çernomorets”lə matçın 84-cü dəqiqəsində vurulan sonuncu qol zamanı məhsuldar ötürməni də Emil vermişdi.



