Futbol üzrə Qazaxıstan çempionatında 2021-ci il mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, çempionun da adına son turda aydınlıq gəlib.
Həlledici turda səfərdə “Akjayık”a 2:0 hesabıyla qalib gələn “Tobol” xallarını sayını 61-ə çatdıraraq rəqibləri üçün əlçatmaza çevrilib. Bununla da sözügedən klub tarixində ikinci dəfə Qazaxıstan çempionu olub. Bu komanda ilk dəfə 2010-cu ildə ölkənin ən güclüsü olmuşdu.
Sonuncu – 26-cı turda doğma meydanda “Turan”la oyundan xal itkisi ilə ayrılan (1:1) “Astana” gümüş medallarla kifayətlənib. 57 xala malik bu komanda çempiondan cəmi 4 xal geri qalıb.
Üçüncü yeri isə Kurban Berdıyevin çalışdırdığı “Kayrat” tutub. Avropa Konfrans Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqiblərindən olan bu komanda da son turda xal itirib. Almatı təmsilçisi səfərdə “Jetısu” ilə oyundan qolsuz bərabərliklə ayrılıb. Nəticədə 51 xalı olan “Kayrat” mövsümü bürünc medallarla başa vurub.
Xatırladaq ki, “Qarabağ”la “Kayrat” arasındakı ilk oyun oktyabrın 21-də Bakıda keçirilib və Ağdam klubunun 2:1 hesablı qələbəsiylə bitib. Bu komandaların növbəti qarşılaşması noyabrın 4-də Qazaxıstanda baş tutacaq.
16 xalla 14 kollektiv arasında sonuncu olan “Jetısu”, həmçinin 19 xalı olan və 15-ci yerlə kifayətlənən “Kaysar” Qazaxıstan Premyer Liqası ilə vidalaşıb.
Beləliklə, mövsümün yekunlarına əsasən, çempion olan “Tobol” gələn mövsüm Qazaxıstanı UEFA Çempionlar Liqasında təmsil edəcək. “Astana” ilə “Kayrat” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.


