“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 3:3 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Fikrimcə, oyun azarkeşlərin xoşuna gəldi. Açıq oyun getdi. Eyni zamanda bir sıra problemlər gördük. İlk hissədə yaxşı oynadıq. İkinci hissənin əvvəlində qırmızı vərəqə oyunumuzu pozdu və üstünlük rəqibə keçdi. Nəticədə hesabı qoruya bilmədik. İkinci hissəni də hücumda keçirmək istərdik. Amma topu özümüzdə saxlamaqda çətinlik çəkirdik. Əvvəlki komandalarım hücum futbolu oynayıb. Burada da buna çalışacağıq. Heyətimizdə ön xəttdə yaxşı futbolçular var. Yaxşı kombinasiyalar, yaxşı qollar gördük.
Azərbaycan çempionatının səviyyəsi barədə çox danışmaq istəməzdim. Çünki hələ burada təzəyəm. Sizin Çempionlar Liqasında, Avropa Liqasında oynamış “Qarabağ” kimi klubunuz var. Artıq Konfrans Liqasında qrupdan çıxmağı bacarıb. Sürət və kompaktlıq lazımdır. Hər bir komandanın öz üslubu var. Bugünkü rəqibimiz də maraqlıdır. Ümumilikdə bütün komandaların müsbət və mənfi cəhətləri var.
“Sabah”ın heyətində yaxşı futbolçular var. Onların işə yanaşmalarından razıyam. Milli komandalarla bağlı fasilə müddətində işləyə biləcəyik. Söz verməyi xoşlamıram, amma əlimdən gələni edəcəyəm ki, yuxarı pillələrdə olaq və oyun keyfiyyətini yüksəldək. Görüləsi çox iş var.
Qış fasiləsinə qədər hansısa azad agent statuslu futbolçu ilə güclənmək çətin olar. Təbii ki, yaxşı biri olsa, düşünə bilərik. Bizdə limit var, gənclərdən də yararlana bilərik. Hazırda elə variant yoxdur ki, onu dəyərləndirək”.
Murad Musayev sonda onu da bildirib ki, “Sabah”a gələrkən heç bir rusiyalı mütəxəssislə məsləhətləşməyib: “İki həftə əvvəl burada olarkən, klubun hər şeyi ilə maraqlandım. Yuri Syomin yaxşı mütəxəssisdir. Amma heç kimlə məsləhətləşməmişəm. Qərarı özüm vermişəm”.


