Roberto Bordin Moldova millisindən getdi

Futbol üzrə Moldova millisinin baş məşqçisi Roberto Bordin vəzifəsindən ayrılıb. Arena.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.

O, yığmadakı fəaliyyətinin başa çatdığını bildirib: “2021-ci il yeni idman və həyat təcrübələrini inkişaf etdirmək baxımından məhsuldar il oldu. Federasiyaya, onun prezidentinə və ətrafımda olan hər kəsə təşəkkür etmək istəyirəm. Moldovada futbolu inkişaf etdirmək üçün bütün strukturların, resursların böyüməsini və inkişafını arzulayıram”.

Roberto Bordin bu ilin fevralında Moldova millisinin baş məşqçisi təyin olunmuşdu. 56 yaşlı mütəxəssis bu komandanı cəmi 12 oyuna çıxıb. Bu oyunlarda 10 dəfə məğlubiyyətə üzülən moldovalılar, 1 qələbə qazanıblar, 1 dəfə də heç-heçə ilə kifayətləniblər.

Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub. Paytaxt təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında 54 oyun (30 qələbə, 13 heç-heçə, 11 məğlubiyyət) keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: