Joze Alesio: “Bu, psixoloji baxımdan komandaya çox pis təsir etdi”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Belçika yığması ilə yoxlama oyununu şərh edib. Arena.az xəbər verir ki, komandamız bu oyundan 3:5 hesabıyla məğlub ayrılıb.

Braziliyalı mütəxəssis federasiyanın mətbuat xidmətinə açıqlamasında uduzduqları matçla bağlı bunları söyləyib:

“Oyuna yaxşı başlamadıq. Bunun da səbəbi matça gəlməyə az vaxt qalmış dünən verdiyimiz COVİD-19 testinin nəticəsinin açıqlanması və iki oyunçumuzda nəticənin pozitiv çıxmasıdır. Bu məqam psixoloji baxımdan komanda üzvlərinə pis təsir etdi, oyun planımız dəyişdi. Buna görə də başlanğıc uğursuz alındı. Təxminən birinci hissənin 10-cu dəqiqəsindən sonra tədricən oyunumuzu düzəldə bildik. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Həm müdafiədə, həm də hücumda bir neçə variantı yoxladıq, standartlardan bir neçə ev tapşırığını yerinə yetirdik. Yəni oyunun əhəmiyyəti böyük idi. Rəqibimiz də yaxşı komandadır. Kollektiv şəkildə güclu təsir bağışladılar. Onlar bir gün əvvəl Niderlandla qarşılaşmışdılar və qələbə qazanmışdılar. Hakimlər də yanlış, birtərəfli qərarları ilə oyunun gedişinə təsir etdilər. Bu qarşılaşma “axsadığımız” məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.

Sonda onu da xatırladaq ki, Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri dünən yoxlama oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib. Komandamızın üzvü Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb. Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karatinə alınacaq. Bu üzdən onlar Belçika ilə yoxlama matçında iştirak etməyiblər.

Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar – 6 fevralda gerçəkləşəcək qitə birinciliyi ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: