Kosovo millisinin yeni baş məşqçisi bəlli oldu

Futbol üzrə Kosovo millisinin yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Fransa yığmasının sabiq futbolçusu Alen Jiress çalışdıracaq.

Bu barədə Kosovo Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 70 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin noyabrına qədər olan müqavilə imzalanıb. Təcrübəli baş məşqçi bu vəzifədə Bernar Şallandı əvəzləyib. 2018-ci ilin martından bu komandaya rəhbərlik edən isveçrəli mütəxəssis ötən ilin oktyabrında postundan ayrılmışdı. Həmin dövrdən bəri Kosovo yığmasında baş məşqçi postu boş idi.

Alen Jiress 1984-cü ildə Fransa seçməsinin heyətində Avropa çempionu olub. O, DÇ-1986-da da bu komanda ilə bürünc medala sahib çıxıb. Təcrübəli mütəxəssis karyerası ərzində Gürcüstan, Qabon, Mali, Seneqal və Tunis yığmalarında da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: