Avropa Liqasının qalibi penaltilər seriyasında bəlli oldu

Futbol üzrə Avropa Liqasının 2021/22 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, turnirin final oyununda Almaniyanın “Ayntraxt” (Frankfurt) və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gəliblər.

İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutan qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edib.

İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşıb. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan “Ayntraxt” ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya “Real”ına uduzmuşdu.

Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanmışdı.

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan “Reyncers” isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxmışdı. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/72 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın “Dinamo” (Moskva) klubunu məğlub etmişdi.

Bu finalın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə isə komandalar hərəyə bir dəfə fərqləniblər. Əlavə vaxtda bərabərlik yenə pozulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ayntraxt” Avropa Liqasının qalibi olub.

Avropa Liqası
Final
18 may

Ayntraxt (Almaniya) – Reyncers (Şotlandiya) 1:1 (penaltilər 5:4)
Qol: Borre, 69 – Aribo, 57.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.

Penaltilər:

Ceyms Tavernye – 0:1
Kristofer Lens – 1:1
Stiven Devis – 1:2
Aydin Hrustiç – 2:2
Skott Arfild – 2:3
Daiti Kamada – 3:3
Aaron Remsi – 3:3
Filip Kostiç – 4:3
Kemar Ruf – 4:4
Rafael Borre – 5:4

Ayntraxt: Kevin Trapp, Evan Ndika, Almami Ture, Tuta, Sebastyan Rode (k), Filip Kostiç, Cibril Sou, Daiti Kamada, Yesper Lindstrom, Ansqar Knauff, Santos Borre.
Ehtiyat oyunçular: Yens Qral, Kristofer Lens, Makoto Hasebe, Timoti Çendler, Danni da Kosta, Yens Petter Hauqe, Kristian Yakiç, Aydin Hrustiç, Aymen Barkok, Sem Lammers, Raqnar Axe, Qonsalo Pasiensiya.
Baş məşqçi: Oliver Qlasner.
Reyncers: Allan Makqreqor, Ceyms Tavernye, Kelvin Beysi, Konor Qoldson, Borna Barişiç, Con Landstrem, Rayan Cek, Co Aribo, Qlen Kamara, Skott Rayt, Rayan Kent.
Ehtiyat oyunçular: Robbi Makkrori, Con Maklaflin, Ceyms Sends, Leon Baloqun, Leon Kinq, Aaron Remsi, Skott Arfild, Amad Diallo, Stiven Devis, Aleks Louri, Feşn Sakala, Kemar Ruf.
Baş məşqçi: Covanni van Bronkhorst.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: