“Qarabağ” Gürcüstandan olan qapıçısı Luka Quqeşaşvili ilə bağlı yekun qərarını açıqlayıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi 2022-ci ilin yanvarında Polşanın “Yagelloniya” klubundan icarəyə götürülmüş futbolçunu birdəfəlik transfer edib.
Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Qarabağ” “Yagelloniya” ilə danışıqların yekununa əsasən, Gürcüstan millisinin qapıçısının transfer hüququna yiyələnib. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Luka Quqeşaşvili Tiflis “Dinamo”sunun yetirməsidir. 2016-cı ilin yanvarında o, Polşa “Yagelloniya”sına keçib. Gənc qolkiper “Qarabağ”dan öncə “Podlasie, “Dila”, “Rekre Qranada” kimi komandalarda da icarədə oynayıb.
“Qarabağ” Quqeşaşvilidən öncə müdafiəçi Kevin Medina və yarımmüdafiəçi Riçard Almeyda ilə də yeni müqavilə bağlamışdı. Əvəzində Ağdam klubu ispaniyalı yarımmüdafiəçi Xayme Romero ilə vidalaşıb.


