İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq bu klub “Union Berlin”dən Tayvo Avoniyini transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Nigeriyadan olan 24 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
“Nottingem Forest” rəsmi açıqlamada bu transferin klub rekordunun qırılması sayəsində gerçəkləşdiyini bəyan etsə də, məbləğ açıqlanmayıb. İngiltərə mətbuatı isə klubun bu keçidə görə Almaniya təmsilçisinə 17 milyon funt-sterlinq ödədiyini yazıb.
Tayvo Avoniyi 2015-ci ildə “Liverpul”a transfer olunsa da, İngiltərə klubunda möhkəmlənə bilməyib və müxtəlif komandalara icarəyə verilib. O, Almaniyada “Frankfurt”, “Maynts”, Niderlandda “Neymegen”, Belçikada “Muskron” və “Gent” kimi klubların formasını geyinib. 2020-ci ilin sentyabrında isə nigeriyalı hücumçunu “Union Berlin” icarəyə götürür. Ötən ilin yayında Almaniya klubu “Liverpul”a 9 milyon avro ödəyərək forvardın transfer hüquqlarını da alır. Geridə qalan mövsümdə Bundesliqa təmsilçisində 43 matça çıxan futbolçu bu görüşlərdə 20 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Avoniyi ötən ildən dəvət aldığı Nigeriya yığmasında da 4 oyuna 1 qolla yadda qalıb.



