“Neftçi” hücumçusu Ramon Maçado ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib. Paytaxt klubu hücumçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Ramon Maçado “Neftçi”yə 2021-ci ilin sentyabrında transfer olunmuşdu. 31 yaşlı futbolçu “ağ-qaralar”ın heyətində 28 oyun keçirib, 7 qol vurub.
Ramon Maçadonun “Neftçi”dən əvvəlki sonuncu iş yeri “Brazil de Pelotas” klubu olmuşdu. O, karyerası ərzində “Yan Regensburq”, “Esportivo”, “Boa Esporte”, “Lajeadense”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre”, “Botafoqo-PB” kimi komandalarda da forma geyinib.
“Neftçi” Maçadodan öncə Hüqo Basto və Kamran İbrahimovla da yollarını ayırmışdı. Emin Zamanov isə “Səbail”ə icarəyə verilib. Əvəzində “Şamaxı”da icarədə olan Rəhman Hacıyev geri qaytarılıb. “Ağ-qaralar” həmçinin Ataa Caber (“Aşdod”, İsrail) və Qodsvey Donyonu (“Makkabi”, Hayfa, İsrail) heyətinə cəlb edib.


