Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” ilk transferlərini gerçəkləşdirib. Arena.az xəbər verir ki, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu “Şamaxı” olub. 36 yaşlı Bayramov daha öncə də “Turan Tovuz”da forma geyinib. O, 2009-2011-ci illər aralığında və 2013-cü ildə bu klubun uğurları üçün çalışıb. Tovuzdan olan təcrübəli qolkiper karyerası ərzində “Muğan”, “Xəzər Lənkəran”, “Rəvan”, “Araz Naxçıvan”, “Şüvəlan”, “Zirə” və “Səbail”də də çıxış edib.
Şəhriyar Əliyev isə daha öncə “Bakı”, “Qarabağ”, “Kəpəz” və “Sumqayıt”da forma geyinib. 29 yaşlı qolkiper Azərbaycan yığmasında da oynayıb.


