“Qəbələ” Boludakı son yoxlama matçından qalib ayrıldı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Rumıniya təmsilçisi “Çiksereda” ilə görüşüb.

118 il əvvəl əsası qoyulan bu klub Liqa 2-də mübarizə aparır. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub. Aşağı liqalarda oynamasına baxmayaraq, zəngin tarixi olan klub 1904-1919-cu illərdə Avstriya-Macarıstan, 1919-1940-cı illərdə Rumıniya, 1940-1944-cü illərdə isə Macarıstanı təmsil edib. 2-ci dünya müharibəsindən sonra Rumıniyanın aşağı liqalarında var-gəl edən “Çiksereda” ən böyük uğurlarını 2018/19 mövsümündə əldə edib. Liqa 2-də çempion olan komanda ikinci dəstəyə yüksəlib. Həmin mövsüm komanda Rumıniya kubokunda 1/4 finala qədər irəliləməyi bacarıb.

Baş məşqçi Elmar Baxşıyev Bolu toplanışının son sınağında aşağıdakı start “11-liy”inə şans verib: Səlahət Ağayev, Asif Məmmədov, Murad Musayev, Ruan Renato, Məqsəd İsayev, İlkin Qırtımov, İsnk Alimi, Felipe Santos, Rafael Utziq, Rövlan Muradov, Feras Abu Akal.

Görüş erkən qolla başlayıb. Rövlan Muiradov üçüncü dəqiqədə hesabı açıb. Fəal oyun nümayiş etdirən “qırmızı-qaralar” fasiləyədək hesabı artırmaq şanslarından yararlanmayıb.

Fasilədə və ikinci 45 dəqiqədə hər iki komandanın heyətində dəyişikliklər olub. Rumıniyalılar 47-ci dəqiqədə penaltidən fərqlənib. Cəmi 5 dəqiqə sonra Asif Məmmədov “Qəbələ”ni hesabda yenidən önə çıxarıb – 2:1. Bu qoldan sonra komandaların səylərinə baxmayaraq, hesab dəyişməz qalıb. Beləliklə, “qırmızı-qaralar” Bolu toplanışındakı son matçında 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Qəbələ” daha öncə Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep”lə qarşılaşmş və 1:2 hesabıyla məğlub olmuşdu.

Yoxlama oyunu
12 iyul

“Qəbələ” – “Çiksereda” 2:1
Qollar: Rövlan Muradov, 3, Asif Məmmədov, 52.

“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra klubun rəsmi saytına açıqlama da verib. O, matçı belə dəyərləndirib:

“Düşündüklərimizi təlim-məşq toplanışında görə bildik. Komanda meydanda dominant oynamağa çalışırdı. Qarşıda 9 gün vaxtımız var. Bu müddətdə daha da yaxşı olacağıq. Ümumilikdə istədiyimi bu gün meydanda görə bildim. Futbolçuların hərəkətliliyi bizi məmnun etdi. Komandanın hazırlığını faizlə dəyərləndirməzdim. Amma gündən-günə daha yaxşı olduğunu məşqlərdə görürük”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: