Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında ilk rəsmi matçına çıxıb. Arena.az xəbər verir ki, ötən gün futbol üzrə Rusiya Birinci Liqasında 2022/23 mövsümünə start verilib.
Kamran Əliyevin formasını geyindiyi “Arsenal” isə yeni mövsümdəki ilk matçına bu gün çıxıb. Sözügedən kollektiv doğma meydanda Kamranın bu yay yollarını ayırdığı “SKA-Xabarovsk”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç Əliyevin yeni komandasının qələbəsiylə yekunlaşıb – 3:2.
Kamran Əliyev bu matçın start heyətində meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da azərbaycanlı futbolçu vurub. Yığmamızın sabiq hücumçusu 38-ci dəqiqədə sabiq komandasını cəzalandırıb.


