“Kəpəz” heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Gəncə klubu Yusif Nəbiyev və Abdullahi Şuaybunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yusif Nəbiyevlə 1 illik müqavilə imzalanıb. Abdullahi Şuaybu isə 1+1 illik müqaviləyə imza atıb.
Yusif Nəbiyev “Qəbələ”nin yetirməsidir. O, karyerası ərzində “Sumqayıt” və “Zirə”nin də uğurları üçün çalışıb. Geridə qalan mövsümü “Sumqayıt”da keçirən 24 yaşlı sol cinah müdafiəçisi, qardaşı Fərid Nəbiyevlə birgə oynamaq üçün bu klubdan ayrılıb və Gəncə təmsilçisinə keçməyə qərar verib. Xatırladaq ki, Fərid Nəbiyev də bu yay Çexiyanın “Viktoriya” (Jijkov) klubundan ayrılıb və “Kəpəz”lə 1 illik müqavilə bağlayıb.
Nigeriyalı Abdullahi Şuaybunun sonuncu iş yeri isə Moldovanın “Saksan” klubu olub. 20 yaşlı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.
“Kəpəz” daha öncə Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Georgi Kantariya, Mate Kvirkviya, Əfran İsmayılov və Rauf Əliyevi də heyətinə qatmışdı. Həmçinin Samir Məhərrəmli “Sabah”dan, Zamiq Əliyev isə “Qarabağ”dan icarəyə götürülüb. Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla yeni müqavilə bağlayan klub, Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla da yollarını ayırıb.


